Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib

2026.07.01 16:44 (UTC+04:00)

Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib.

Maliyyə Nazirliyinin məlumatına görə, illik Toplantının açılış mərasimində çıxış edən maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev son illərdə Azərbaycanda iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib. Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq münasibətlərinə toxunan Sahil Babayev qeyd edib ki, Banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. O bildirib ki, QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir. Nazir Bankın özəl sektorun inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və ticarətin dəstəklənməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

QDTİB-nin Prezidenti Sərhat Köksal bildirib ki, Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. Sərhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub. Eyni zamanda, 2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrliyin Bolqarıstana keçməsi barədə qərar qəbul olunub.