Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) bu gün elan edib ki, 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir.
bp şirkətindən verilən məlumata görə, operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç - Azərbaycan, Gürcüstan və Türkiyə - hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.
Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır.
Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir.
Səngəçal terminalının operatorluğu dəyişməz qalır - bp bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.