Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, belə ki, sığortaolunanların uçotunun aparılması və sığortaedənlər (işəgötürənlər) tərəfindən sığortaolunanlar (işçilər) barədə rüblük hesabatların təqdim edilməsi zamanı onlarla bağlı sosial sığorta nömrəsinin (SSN) göstərilməsi artıq tələb olunmur.
Bu gündən etibarən işə qəbul edilən, əvvəllər işləmiş şəxslərdən də sosial sığorta nömrəsinin (SSN) təqdim edilməsi tələb edilməyəcək.
Qeyd edilən dəyişikliklər sosial sığorta sahəsində inzibati prosedurların innovativ həllərlə sadələşdirilməsinə, məlumat mübadiləsinin daha sürətli və dəqiq həyata keçirilməsinə, elektron sistemlər arasında inteqrasiyanın gücləndirilməsinə, həmçinin sosial sığorta sistemində inzibati prosedurların optimallaşdırılmasına xidmət edir.