Ankarada İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin 40-cı iclası keçirilib. Tədbirdə Azərbaycanı Sahibkarlar Konfederasiyası və onun tərkibinə daxil olan yerli biznes nümayəndələri təmsil ediblər.
Konfederasiyanın məlumatına görə, gündəliyin əsas mövzuları daxili seçkilərin yekunlaşması (vitse-prezidentlərin, İcraiyyə və Maliyyə komitələri üzvlərinin seçilməsi), 2026–2030-cu illər üzrə Halal strategiyasının icra gedişatı, eləcə də regional iqtisadi əməkdaşlıq layihələri olub.
İdarə Heyəti gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə və Palatanın yaranmasının 50 illiyinə həsr olunan Qızıl Yubiley (Golden Jubilee — 2027) şərəfinə tədbirlərin planlaşdırılmasına xüsusi diqqət yetirib.
Görüş iştirakçıları iqtisadi artımın stimullaşdırılmasına, İslam dünyasında ticarət inteqrasiyasının dərinləşdirilməsinə və özəl sektorun gücləndirilməsinə yönələn təşəbbüsləri müzakirə ediblər. Səfər proqramı çərçivəsində ICCD İdarə Heyətinin üzvləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşüblər.