Təhsil məzuniyyəti dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilirmi? MƏQALƏ

2026.07.27 14:05 (UTC+04:00)

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

b) dövlət imtahanlarını vermək üçün;

c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

Təhsil məzuniyyətlərinin müddətləri Əmək Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir. Həmin müddəada müddətlər aşağıdakı kimi müəyyən edilib:

- Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

- Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

- Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

- Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

- Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Təhsil məzuniyyətindən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydaları”na əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdiyi hallarda verilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti və qismən ödənişli sosial məzuniyyət dövründən sonra da davam etdikdə, bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Misal: İşçi 1 iyundan 20 iyunadək 20 təqvim günü təhsil məzuniyyətindən istifadə edib. O, təhsil məzuniyyəti dövründə - 15 iyun tarixində əmək qabiliyyətini müvəqqəti olaraq 30 iyun tarixinədək itirib. Bu halda işçiyə 15 iyundan 20 iyunadək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməyəcək. Müavinətin verilməsi 20 iyundan 30 iyunadək hesablanıb ödəniləcək.