Artıq iki ilə yaxındır Xankəndidə fəaliyyət göstərən və əsasən cins geyimləri ilə tanınan “Azcotton” tikiş fabriki həm məhsul çeşidini genişləndirib, həm də yaxın vaxtlarda Rusiyaya ilk ixracını reallaşdırmaq üçün hazırlıqları sürətləndirib. Bu layihə Qarabağa köçən yerli sakinlərin işlə təmin olunması baxımından regionun sosial-iqtisadi dirçəlişinə real töhfə verir. İstehsalat şəbəkəsini addım-addım böyüdən müəssisə yaxın gələcəkdə uşaq geyimlərinin istehsalına başlamaqla fəaliyyət dairəsini daha da genişləndirməyi hədəfləyir.
İllik istehsal gücünü artırmaq imkanı var
Xankəndidə 1,2 hektar ərazidə yerləşən və ümumi investisiya dəyəri 11 milyon manat olan “Azcotton” fabriki istehsal həcminə görə ürəkaçan nəticələr nümayiş etdirir. Müəssisənin şöbə müdiri Orxan Məmmədovun sözlərinə görə, fabrik hazırda istehsal xəttini sürətlə inkişaf etdirməyə fokuslanıb. İllik istehsal gücü artıq 550-600 min ədədi keçib və mövcud infrastruktur bu rəqəmi daha da artırmağa imkan verir.
Hazırda fabrikdə kişi və qadınlar üçün nəzərdə tutulan cins geyimlərlə yanaşı, kətan parçalardan da məhsullar hazırlanır. Eyni zamanda korporativ seqmenti də diqqətdə saxlayan şirkət xüsusi təyinatlı dövlət orqanlarının sifarişləri əsasında işçi geyimlərinin və uniformaların istehsalını həyata keçirir. O.Məmmədov vurğulayıb ki, istehsal edilən bütün məhsullarda yüksək keyfiyyət ön plandadır və çeşidlərin daha da artırılması məsələsi hər zaman şirkətin əsas prioritetləri sırasındadır.

Fabrikin yeni hədəfi: uşaq geyimlərinin istehsalına start verilir
Fabrikin əsas hədəflərindən biri istehsal gücünü illik 1 milyon ədədə çatdırmaq və çeşidləri daha da zənginləşdirməkdir. O.Məmmədovun sözlərinə görə, müəssisənin ümumi potensialı və mövcud texnoloji xətləri hazırkı istehsal həcmini rahatlıqla 5 dəfə artırmağa imkan verir. Geniş istehsal sahəsi ilə yanaşı, müasir avadanlıq bazası da bu planların qısa zamanda reallaşmasına zəmin yaradır.
Bu genişlənmə strategiyasının tərkib hissəsi kimi uşaq geyimlərinin istehsalı məsələsi də artıq gündəmdədir. Yaxın vaxtlarda fabrikdə uşaqlar üçün xüsusi dəst paltarların, həmçinin cins və kətandan hazırlanmış rahat geyimlərin istehsalına başlanılması nəzərdə tutulur.
İşçi sayı daha da artacaq
Hazırda “Azcotton” fabrikində 400 əməkdaş çalışır və xüsusilə ixrac potensialının genişlənməsi ilə bu göstəricinin daha da artacağı gözlənilir. Komandanın böyük bir qismini öz doğma yurduna qayıdan, Xankəndi və ətraf ərazilərə köçürülən yerli sakinlər təşkil edir. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır; işə cəlb olunanlar arasında şəhid ailələrinin üzvləri və qazilərin həyat yoldaşları da var.
Fabrikə qəbul edilən şəxslər ilkin mərhələdə peşəkar təlimçilər tərəfindən keçirilən iki aylıq hazırlıq kurslarına cəlb olunur və yalnız tam peşəkar dərzi kimi yetişdikdən sonra istehsalat dəzgahlarının arxasına keçirlər. Qeyd edək ki, bu peşə təlimləri Dövlət Məşğulluq Agentliyi ilə sıx koordinasiyalı şəkildə həyata keçirilir.
Yerli brend məhsullar qonşu ölkələrin bazarında
“Azcotton” fəaliyyətində ixrac coğrafiyasını genişləndirməyi əsas prioritet kimi önə çıxarıb və bu istiqamətdə artıq ilk uğurlu addımlar da atılıb. Şirkət ilkin mərhələdə qonşu ölkələrin bazarlarına daxil olmağı hədəfləyir və cari il ərzində Rusiya, Gürcüstan və Türkiyəyə məhsul satmağı planlaşdırır.
İlk ixrac xəbəri isə Rusiya bazarından gəlib. Yaxın bir ay ərzində bu ölkəyə 10 min ədəd ilk cins geyim partiyasının göndərilməsi nəzərdə tutulur və hazırda daxil olan sifarişlərin icrası fəal şəkildə davam etdirilir. Rusiya tərəfi Azərbaycandan həm qadın, həm də kişi üçün nəzərdə tutulan, mövsümlük (qış və yaz) cins geyimlər idxal edəcək.
Paralel olaraq digər hədəf ölkələrlə danışıqlar uğurla irəliləyir. Artıq Gürcüstandan gələn nümayəndə heyəti fabrikə baş çəkib və istehsal prosesi ilə yaxından tanış olub. Yeri gəlmişkən, gürcüstanlı tərəfdaşlar üçün xüsusi məhsul nümunələri hazırlanıb və razılıq əldə olunarsa, “Azcotton” bu ölkəyə də ixraca başlaya bilər.
“Azcotton”un strateji hədəfi: yerli xammala əsaslanan istehsal
Fabrikin ixrac coğrafiyasını genişləndirməsi daxili bazarın arxa plana keçməsi demək deyil. O.Məmmədov bildirib ki, yerli alıcıların da brendə marağı kifayət qədər böyükdür və satışlardan gələn rəylər bunu bir daha təsdiqləyir. Şirkət hazırda qiymət və çeşid üstünlüklərinə görə xammalı Türkiyədən idxal etsə də, əsas strateji hədəf dəyişməz olaraq qalır. Gələcəkdə tamamilə yerli xammala əsaslanan istehsalat qurmaq qarşıya məqsəd qoyulub.
Ümumilikdə, Xankəndidə fəaliyyət göstərən bu müəssisə regionun iqtisadi ekosisteminə yeni nəfəs verməklə yanaşı, doğma yurduna qayıdan sakinlərin rifahına birbaşa xidmət edir. Burada geyim istehsalının bütün mərhələləri - parçanın biçilməsindən hazır məhsulun qablaşdırılmasına qədər bütövlükdə “Azcotton”un öz daxilində icra olunur. Bu cür kompleks istehsal zənciri isə bazara hər il keyfiyyəti daha da təkmilləşən, yüksək standartlı geyimlər çıxarmağa imkan yaradır.
Faiq KƏRİMOĞLU