1-2 iyul 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.
Maliyyə Nazirliyindən verilən məlumata görə, illik Toplantıda Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.
Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda baş tutacaq Biznes Forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.
Eyni zamanda, Forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq.
Tədbir çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.