Bu ilin may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22,827 milyon ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13 faiz artıb, kredit kartlarının sayı isə 3 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.
2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,680 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,620 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.