Sığorta məhsulları və kompensasiya məbləğləri arta bilər

2026.06.24 16:37 (UTC+04:00)

Bəzi icbari sığorta növləri üzrə ödənilən kompensasiyaların məbləğlərində dəyişikliklər gözlənilir.

vergiler.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov məlumat verib. Onun sözlərinə görə, kompensasiyanın dəyişməsi gözlənilən sığorta növləri sırasında sərnişinlərin icbari fərdi qəza sığortası da var: “Biz hazırda sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı təkmilləşdirmə aparırıq. Burada sığorta məbləğlərinin dəyişməsi ilə bağlı həm beynəlxalq təcrübəyə baxırıq, həm də konsepsiyada bunu nəzərdə tutmuşuq”.

Kompensasiya məbləğinin dəyişəcəyi digər sığorta növü avtomobillərin icbari sığortasıdır. V.Qurbanov bildirib ki, bununla bağlı, ümumiyyətlə, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub: “Burada hazırda maddi zərərə görə sığorta məbləğləri 5.000 manatdır. Bu məbləğ avtomatik bərpa olunan məbləğdir. Yəni bir şəxs üçüncü şəxsin əmlakına 5.000 manatlıq zərər vurduqdan sonra onun məbləğı sıfırlanmır, avtomatik yenidən 5.000 manata qaldırılır. Yəni, bu, avtomatik bərpa olunan bir sığorta məbləğidir. Digər sığorta növlərində belədir ki, zərər olduqdan sonra nə qədər zərər ödənişi olubsa, o məbləğdən çıxılır. Amma bu sığorta növündə belə deyil, mütəmadilik qorunur”.

V.Qurbanov əlavə edib ki, avtomobillərə dəyən zərər görə sığorta – KASKO sığortası və aqrar sığorta sektorunda da yeniliklər gözlənilir. Məqsəd sığortanın əhatə dairəsinin genişləndirilməsi, əlçatanlığın artırılmasıdır. AMB sığorta məhsullarının çeşidliliyinin artmasını, eləcə də sığorta məhsullarında zərər tənzimləməsində fermerlərin maraqlarının daha yaxşı qorunmasını hədəfləyir.

Fərqanə ALLAHVERDİQIZI