Üfüqi monitorinq – vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətin şəffaf və açıq əməkdaşlıq formatında həyata keçirilməsidir. Üfüqi monitorinq zamanı vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyası tətbiq edilir. Lakin vergi ödəyicisi mümkün vergi risklərini monitorinq başlamazdan əvvəl daxili nəzarət sistemi vasitəsilə açıqlayıbsa, həmin hallara görə maliyyə sanksiyası tətbiq edilmir. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə 25 faiz maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 1: Açıqlanmış risk
Tutaq ki, şirkət üfüqi monitorinq müqaviləsi çərçivəsində müəyyən bir əməliyyatda (məsələn, yeni avadanlıq alışı zamanı amortizasiyanın hesablanmasında) vergi riskinin olduğunu öz daxili yoxlamasında aşkar edir. Şirkət bu barədə vergi orqanına əvvəlcədən məlumat verir. Bu halda risk könüllü açıqlandığı üçün şirkətə heç bir maliyyə sanksiyası tətbiq edilmir.
Misal 2: Açıqlanmamış risk
Tutaq ki, şirkət gəlirlərin uçotdan yayındırılması və ya saxta sənədlərlə xərclərin şişirdilməsi kimi vergi risklərini nəzarət orqanından gizlədib. Vergi orqanı monitorinq dövründə elektron sistemləri izləyərkən bu qanunsuzluğu özü aşkar edib. Əgər gizlədilən əməliyyat nəticəsində dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 20.000 manat təşkil edirsə, tətbiq olunacaq maliyyə sanksiyası bu məbləğin 25 faizi qədər hesablanır:
20.000 x 25% = 5.000 manat.
Nəticədə şirkət 20.000 manat əsas vergini ödəməklə yanaşı, gizlədilən riskə görə əlavə 5.000 manat maliyyə sanksiyası məbləğini ödəməli olacaq.
Misal 3: Xərclərin əsassız olaraq gəlirdən çıxılması
Müəssisə 300.000 manat məbləğində xərci mənfəət vergisinin hesablanması zamanı gəlirdən çıxıb. Üfüqi monitorinq zamanı həmin xərclərin 80.000 manatlıq hissəsinin təsdiqedici sənədlərlə əsaslandırılmadığı müəyyən edilib.
Nəticədə:
- Vergi tutulan mənfəət 80.000 manat artırılır.
- mənfəət vergisi dərəcəsi 20 faiz olduqda əlavə vergi hesablanır:
80.000 x 20% = 16.000 manat.
Səyyar vergi yoxlaması zamanı:
Əlavə vergi: 16.000 manat;
Maliyyə sanksiyası (50%): 8.000 manat;
Cəmi: 16.000 + 8.000 = 24.000 manat (faizlər istisna olmaqla).
Üfüqi monitorinq zamanı vergi ödəyicisi həmin əməliyyatı əvvəlcədən açıqladığı və bütün məlumatları təqdim etdiyi halda, əlavə hesablanmış 16.000 manat vergi ödənilir, maliyyə sanksiyasının tətbiqində isə qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər nəzərə alına bilər.
Bu nümunədən görünür ki, üfüqi monitorinqin əsas üstünlüyü vergi risklərinin vaxtında müəyyənləşdirilməsi və vergi ödəyicisinin şəffaf əməkdaşlıq etdiyi hallarda maliyyə sanksiyalarının tətbiqi riskinin azalmasıdır. Əlavə olaraq, üfüqi monitorinq dövrü üzrə səyyar və kameral vergi yoxlamaları aparılmır (transfer qiymətlərinin tətbiqi, xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olan sorğular, xaricdə əldə edilən gəlirlərlə bağlı məlumatlar daxil olmaqla).