Naxçıvanda vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib

2026.06.24 14:20 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə aid sahibkarlıq subyektlərinin nümayəndələri ilə nəzarət-kassa aparatlarının (NKA) tətbiqi mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının rezidentləri 1 yanvar 2026-cı il tarixindən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunublar. Həmçinin Muxtar Respublikada ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Güzəştlər regionda davamlı iqtisadi inkişafın təmin olunması, əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır, eyni zamanda, vergi ödəyicilərini qanunvericiliklə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, pərakəndə ticarət, ictimai iaşə, yerləşmə (hotel) xidmətləri, tibb müəssisələri, bərbərxana və gözəllik salonları da daxil olmaqla bir sıra fəaliyyət sahələrində pul hesablaşmaları mütləq qaydada NKA-lar vasitəsilə rəsmiləşdirilməlidir. NKA-lardan istifadə qaydalarının pozulmasına görə isə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında praktiki məsələlər müzakirə olunub.