Bu ay Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edərək qlobal iqtisadi müzakirələrin keçirildiyi və mühüm qərarların qəbul olunduğu məkan kimi bütün diqqətləri üzərinə çəkdi. 16–19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları keçirildi. "Davamlı rifah naminə regional inteqrasiya" mövzusunu rəhbər tutan bu mötəbər tədbirdə 57 üzv ölkədən nazirlər, beynəlxalq maliyyə qurumlarının rəhbərləri və özəl sektor nümayəndələri bir araya gəldilər. Ölkəmizin İİB ilə sıx tərəfdaşlığının və artan logistik-iqtisadi nüfuzunun göstəricisi olan bu toplantılar çərçivəsində ümumi dəyəri 6 milyard dolları ötən qlobal müqavilələr imzalandı.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası baxımından da mühüm əhəmiyyətə malik bu zirvə görüşü tarixi hadisə ilə yadda qaldı. Belə ki, sammitdə Qarabağ suvarma kanalının yenidən qurulması üçün 436 milyon dollarlıq yeni maliyyə sazişi imzalandı.
Bakı zirvəsinin geosiyasi və iqtisadi dividendləri
Tədbirin yekunları ilə bağlı fikirlərini “vergiler.az”a bölüşən millət vəkili Tahir Mirkişili qeyd edib ki, İİB Qrupunun 51-ci İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə və inkişaf gündəmində artan rolunun göstəricisidir. Siyasi baxımdan bu tədbir ölkəmizin İslam dünyası, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri ilə əməkdaşlıq platformalarını genişləndirməsinə, eyni zamanda etibarlı tərəfdaş və regional dialoq mərkəzi kimi mövqeyini daha da gücləndirməsinə xidmət edir. İqtisadi baxımdan isə belə tədbirlər investisiya imkanlarının təqdimatı, yeni tərəfdaşlıqların qurulması və ölkənin biznes mühitinin beynəlxalq investorlar qarşısında nümayiş etdirilməsi üçün mühüm platformadır. Deputat onu da qeyd edib ki, toplantılar çərçivəsində aparılan müzakirələr və ikitərəfli görüşlər Azərbaycanın enerji, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl transformasiya sahələrində həyata keçirdiyi layihələrə beynəlxalq marağı artırır. Bu isə orta və uzunmüddətli perspektivdə əlavə investisiyaların cəlb edilməsinə, ixrac imkanlarının genişlənməsinə və iqtisadi şaxələndirməyə töhfə verir.
Azərbaycan üçün yeni investisiya və zəmanət imkanları
T.Mirkişilinin sözlərinə görə, Azərbaycanın İİB-nin ən böyük səhmdarları sırasında yer alması ölkəmizə həm maliyyə, həm də institusional üstünlüklər verir. İlk növbədə, bu status Azərbaycanın Bank daxilində qərarların formalaşmasında daha fəal iştirakına və strateji prioritetlərin müəyyən edilməsində söz sahibi olmasına imkan yaradır. Digər mühüm üstünlük ondan ibarətdir ki, Azərbaycan İİB Qrupunun müxtəlif maliyyə alətlərindən – güzəştli kreditlərdən, zəmanət mexanizmlərindən, investisiya fondlarından və texniki yardım proqramlarından daha səmərəli istifadə etmək imkanına malikdir. Eyni zamanda, səhmdar statusu beynəlxalq investorlar üçün əlavə etimad siqnalı rolunu oynayır. Bu, xüsusilə iri infrastruktur, enerji və özəl sektor layihələrinin maliyyələşdirilməsi zamanı risklərin azalmasına və kapitala çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir.
Qarabağ və Şərqi Zəngəzura xarici kapitalın cəlb edilməsi perspektivləri
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr İİB-nin son illərdə prioritet hesab etdiyi dayanıqlı inkişaf, yaşıl enerji, iqlim maliyyələşməsi və rəqəmsal transformasiya məqsədləri ilə tam uyğunluq təşkil edir. Qarabağ və Şərqi Zəngəzur regionları artıq “yaşıl enerji zonası” kimi inkişaf etdirilir. Burada günəş, külək və hidroenerji layihələrinin həyata keçirilməsi, eyni zamanda “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin qurulması beynəlxalq maliyyə institutları üçün cəlbedici investisiya istiqamətləridir. T.Mirkişili hesab edir ki, Bakı toplantıları bu layihələrin beynəlxalq tərəfdaşlara təqdim olunması baxımından mühüm imkan yaradıb. Buna görə də yaxın illərdə İİB Qrupu və onun institutları vasitəsilə həm dövlət, həm də özəl sektor layihələrinə yeni maliyyə dəstəyinin cəlb olunması ehtimalı yüksəkdir.
Qeyri-neft sektoru və KOB-ların inkişafında yeni mərhələ
Millət vəkili şərhində qeyd edib ki, imzalanmış sazişlər birbaşa real iqtisadiyyata yönəlir və özəl sektorun maliyyə resurslarına çıxışını genişləndirir. Azərbaycanda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin ən çox üzləşdiyi problemlərdən biri uzunmüddətli və əlçatan maliyyə mənbələrinin məhdudluğudur. T.Mirkişili vurğulayıb ki, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlıq nəticəsində ayrılan vəsaitlər bu boşluğun müəyyən hissəsini doldurmağa imkan verəcək. Bu maliyyələşmə istehsal, aqrar sektor, logistika, emal sənayesi, xidmətlər və ixracyönümlü bizneslərin inkişafını sürətləndirə bilər. Eyni zamanda, sahibkarların yeni texnologiyalara investisiya qoymaq, istehsal güclərini artırmaq və beynəlxalq bazarlara çıxmaq imkanlarını genişləndirəcək. Nəticədə yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunda əlavə dəyərin artması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm təsir gözlənilir. Xüsusilə, nəzərə almaq lazımdır ki, Azərbaycanda aktiv fəaliyyət göstərən müəssisələrin təxminən 99 faizi KOB subyektləridir. Buna görə də özəl sektorun maliyyələşdirilməsinə yönələn hər bir əlavə resurs təkcə ayrı-ayrı şirkətlərin deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir.
Faiq KƏRİMOĞLU