Vergi mədəniyyəti və maliyyə savadlılığı üzrə təlim təşkil olunub

2026.06.23 11:21 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 2026-cı il üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Fizika İnstitutu, Molekulyar Biologiya İnstitutu, Kimya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu və Riyaziyyat İnstitutu publik hüquqi şəxslərində, eləcə də Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Texnoloji Transfer Ofislərinin nümayəndələri üçün təlim keçirilib. Tədbirin məqsədi elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması prosesində vergi və maliyyə məsələləri üzrə məlumatlılığın artırılması olub.

Təlim çərçivəsində Dövlət Vergi Xidmətinin mütəxəssisləri tərəfindən innovasiya və elmi fəaliyyət nəticəsində yaradılan məhsul və xidmətlərin kommersiyalaşdırılması zamanı yarana biləcək vergi öhdəlikləri, hüquqi və fiziki şəxslər üzrə vergitutma, habelə sahibkarlıq fəaliyyətinin təşkili ilə bağlı əsas məsələlər barədə təqdimatlar edilib.

Bununla yanaşı, elmi tədqiqatların iqtisadi dəyərə çevrilməsi prosesində vergi tənzimləmələrinin rolu, maliyyə planlaşdırılmasının əhəmiyyəti və qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir və məlumat mübadiləsi aparılıb.