Hərbi xidmətə çağırılan işçiyə ödənilən müavinət vergiyə cəlb edilirmi? MƏQALƏ

2026.07.03 09:30 (UTC+04:00)

Əmək Məcəlləsində edilmiş yeni dəyişikliklərdən biri də hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinətin məbləğinin artması ilə bağlıdır. Dəyişiklikdə qeyd olunur ki, əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi və 74-cü maddəsinin birinci hissəsinin “a” bəndi ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəməlidir. Göründüyü kimi, əvvəllər işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödənilirdisə, indi azı üç misli miqdarında müavinət ödənilir.

Müavinətin hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. Belə ki, işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. İki aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı aşağıdakı qaydada hesablanır:

İşçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Misal: Beş günlük iş qrafiki ilə çalışan işçi 30 iyun 2026-cı ildə hərbi xidmətə çağırılır. Bu halda müavinət aşağıdakı kimi hesablanacaq:

Əvvəlki 2 ay may və aprel ayıdır.

İyun ayında iş günlərinin sayı – 20 gün;

May ayı - 17 iş günü, 2.000 manat aylıq əməkhaqqı;

Aprel ayı - 22 iş günü, 2.300 manat aylıq əməkhaqqı.
2.000 + 2.300 = 4.300 manat;

17 + 22 = 39 gün;

4.300 : 39 = 110.26 manat (1 günlük orta əməkhaqqı məbləği);

110.26 x 20 = 2205.2 manat (orta əməkhaqqı məbləği);

2.205.2 x 3 = 6.615.6 manat.

Beləliklə, hərbi xidmətə çağırılan işçiyə ödənilən birdəfəlik müavinətin məbləği 6.615.6 manat olacaq.

İşçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətdən tutulmalar isə Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 102.1.14.16-cı maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş məbləği gəlir vergisindən azaddır.

“Sosial sığorta haqqında” Qanuna əsaslanaraq deyə bilərik ki, hərbi xidmətə çağırılan zaman ödənilən müavinətlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunur. “İşsizlikdən sığorta haqqında” və “Tibbi siğorta haqqında” qanunlara əsasən isə hərbi xidmətə çağırılan zaman ödənilən müavinətlər işsizikdən sığorta üzrə sığorta tariflərinə və icbari tibbi siğorta üzrə sığortaya cəlb olunmur.

Gəlir vergisi: 0 manat;

MDSS: (6.615.6 - 200) x 10% + 6 = 647.56 manat.

İşsizlikdən sığorta: 0 manat;İcbari sığorta: 0 manat.

İşçiyə hərbi xidmətə görə ödənilən müavinətin NET məbləği 5.968.04 manat olacaq:

6615.6 - 647.5 = 5968.04 manat.