Risklərin qiymətləndirilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

2026.06.19 14:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS IEC 31010:2026 “Risklərin idarə olunması. Risklərin qiymətləndirilməsi üsulları” yeni dövlət standartı qəbul edilib.

Bu standart risklərin qiymətləndirilməsi üsullarının seçilməsi və tətbiqi üzrə metodiki göstərişləri özündə ehtiva edir. Burada təqdim olunan yanaşmalar qeyri-müəyyənlik şəraitində əsaslandırılmış qərarların qəbuluna dəstək vermək, risklər barədə dolğun və etibarlı məlumat bazası formalaşdırmaq, risklərin idarə edilməsi prosesində praktiki tətbiq imkanları yaratmaq məqsədi daşıyır.

Sözügedən dövlət standartı layihəsi AZSTAND tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.