Bu il oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü keçiriləcək. Görüş çərçivəsində, həmçinin, türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq. Bununla bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb. ASK-dan bildirilib ki, görüşdə Bağdad Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan Ticarət və Sənaye Palatası, Macarıstan hökuməti iştirak edəcək, eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı, Macarıstan da müşahidəçi qismində təmsil olunacaq.
Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq biznes forumun keçiriləcəyini vurğulayan Bağdad Amreyev, Konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyəti ilə təmsil olunmasının məqsədəuyğunluğunu söyləyib.
ASK prezidenti Məmməd Musayev Daşkənddə keçiriləcək biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. O, həmçinin, Bakı forumunun yüksək səviyyədə təşkili üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.
Görüş əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türk dövlətində biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.
Qeyd edək ki, oktyabrın 14-15-də Bakıda keçiriləcək sammit və biznes forum “Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq. Onu da bildirək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artıb. Xatırladaq ki, 2019-cu il mayın 17-də Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət-sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib.