İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, eləcə də şəxsi keyfiyyətlərinin inkişafına dəstək vermək məqsədilə bu il iyul ayının 6-dan sentyabr ayının 4-dək keçirilməsi nəzərdə tutulan sayca 5-ci “Yay Təcrübə Proqramı”na hazırlıqlar davam edir.
Proqramda iştirak edəcək tələbələrin növbəti seçim mərhələsi baş tutub. Bu mərhələdə ilkin seçimlərə qatılmış 1.500-dən çox tələbədən 112 nəfəri iştirak edib.
Tələbələr onlara təqdim olunmuş mövzu əsasında statistik göstəriciləri təhlil edib, təşkilatda qarşıya qoyulmuş tələblərin təmin olunmasına dair tədbirlər planı və müvafiq təkliflər hazırlayıblar. DVX-nin müşahidəçiləri tərəfindən müvafiq meyarlar üzrə tələbələrin qrup şəklində tapşırıq və məsələləri həll etmək bacarıqları dəyərləndirilib.
Proqramda iştirak üçün seçiləcək tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qatılacaqlar. Orada onlara təcrübəli vergi xidməti əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müxtəlif səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.