Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Xankəndi şəhərində müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri üçün maarifləndirici təlim keçirilib.
Təlimin məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin məlumatlandırılması, onlar üçün nəzərdə tutulmuş vergi və gömrük güzəştləri, eləcə də digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumatın çatdırılması olub. Tədbir çərçivəsində iştirakçılara işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, işəgötürənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verilib. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan güzəşt və dəstək mexanizmlərindən istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Təlim zamanı vergi ödəyicilərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və praktiki tətbiqlə bağlı izahlar verilib.
Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən sahibkarlarla maarifləndirici görüşlərin və məlumatlandırma tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.