Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?

2026.06.19 10:44 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.-cü maddəsinə əsasən, fiziki şəxs tərəfindən özünə məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən, Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri və mediatorlar), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edirlər.

Göründüyü kimi, icarə haqqından gəlir əldə edən şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.