Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxışı genişləndirilir

2026.06.12 15:38 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib.

Daha sonra iki qurum arasında rəsmi əməkdaşlıq sənədləri imzalanıb. İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır.

Əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanla Çin arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti sahələrində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın gücləndirilməsinə və iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.