Tacikistan Respublikasının Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsinin sədri Orif Xocazoda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Tacikistan mətbuatının yaydığı məlumata əsasən, danışıqlar zamanı tərəflər torpaq kadastrı, geoməkan məlumatları, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, ixtisaslı mütəxəssislərin hazırlanması və birgə layihələrin icrası sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Orif Xocazoda qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səfəri Dövlət Komitəsi sisteminin tabeliyindəki müəssisə və qurumların fəaliyyəti, müasir informasiya sistemləri, geodeziya avadanlıqları və tacikistanlı həmkarların iş təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar yaradır.
Öz növbəsində, Rüstəm Şahbazov Azərbaycan tərəfinin imzalanmış sazişlərin praktiki icrası və qarşılıqlı faydalı tərəfdaşlığın daha da gücləndirilməsi üçün zəruri tədbirlər görməyə hazır olduğunu təsdiqləyib.
Səfər çərçivəsində Azərbaycan nümayəndələri Tacikistanın Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsinin struktur bölmələrinin işi ilə də tanış olublar.