Vergi ödəyicilərinə xidmət mərkəzlərində 400 minə yaxın xidmət göstərilib

2026.06.11 15:58 (UTC+04:00)

2026-cı ilin yanvar – may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 240.665 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 398.085 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və onların ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,1% təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar – may aylarında vergi ödəyicilərindən daxil olmuş 12,5 min yazılı müraciət cavablandırılıb, 12,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2.368 vergi ödəyicisinin iştirakı ilə 162 görüş keçirilib, 2.807 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 2,9 milyon SMS göndərilib.

Yanvar – may ayları ərzində ümumilikdə 121.812 müraciət üzrə 190.935 Asan İmza sertifikatı verilib.