Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

2026.06.11 14:58 (UTC+04:00)

13-14 iyun tarixlərində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.