Fermerin kredit risklərini və ödəniş qabiliyyətini qiymətləndirən yeni sistem

2019.09.05 15:17 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün hazırladığı yeni qiymətləndirmə sisteminin təqdimatını keçirib. Təqdimat mərasimində bildirilib ki, bu sistem Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi AzALES adlanır və sistemin qiymətləndirmə metodologiyası hərtərəfli risk qiymətləndirmə modeli və kredit hesablamalarını özündə birləşdirməklə fermerin kredit risklərini müəyyənləşdirir və ödəniş qabiliyyəti məhdud olan fermerlərin kredit müraciətlərini qəbul etmir. AzALES fermerin dövriyyə kapitalına olan tələbi və xalis gəlirinə əsaslanaraq fermerlərin ödəmə qabiliyyətinə və həqiqi ehtiyacına uyğun kredit limiti təklif edir. Təklif olunan kredit limiti sistemə inteqrasiya olunmuş aqrar məlumat bazası və fermer tərəfindən cavablandırılan keyfiyyət və məhsuldarlıqla bağlı suallara əsasən hesablanır.

Sistemə inteqrasiya edilmiş məlumat bazası fermerlərlə birbaşa sorğu və bazar hərəkətliyinə əsasən an azı ildə bir dəfə yenilənəcək. Sistem fermer üçün müvafiq kredit ödəniş müddəti tövsiyə edir. AzALES-dən istifadə etməklə kredit təşkilatları Agentliyin güzəştli kreditləri ilə bərabər, öz fondlarından da kredit verə biləcəklər. Sistem ölkənin bütün kredit təşkilatlarına və lizinq şirkətlərinə açıq olacaq.