İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Türkiyəyə səfəri çərçivəsində Ankarada keçirilən “AI Tomorrow Summit 2026” tədbirində iştirak edib.
Süni İntellekt Siyasəti Assosiasiyasının - AIPA Türkiyənin təşkilatçılığı ilə keçirilən tədbir süni intellekt, etik dəyərlər, qlobal məsuliyyət və texnoloji innovasiyalar sahəsində aparıcı platformalardan biri hesab olunur.
Fariz Cəfərov “Qlobal idarəetmə: ortaq inkişaf yolunun müəyyənləşdirilməsi” adlı panel sessiyada spiker qismində çıxış edərək Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində həyata keçirdiyi təşəbbüslər, strateji prioritetlər və bu istiqamətlərdə görülən işlər barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, 2025-ci ildə 4SİM və AIPA Türkiyə arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq süni intellekt, innovasiya və rəqəmsal transformasiya sahələrində qarşılıqlı təcrübə mübadiləsinə töhfə verir.
“AI Tomorrow Summit 2026” tədbirinə dövlət və hökumət nümayəndələri, özəl sektor, beynəlxalq təşkilatlar, elmi dairələr və texnologiya şirkətlərindən 60-dan çox spiker və 6000-dən çox iştirakçı qatılıb.
Səfər çərçivəsində, həmçinin AIPA Türkiyə və MEXT Texnologiya Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilib. Görüşlərdə cari layihələr üzrə növbəti addımlar, o cümlədən MEXT ilə Yeni Nəsil Texnologiyalar Mərkəzi və müəssisələrin rəqəmsal transformasiyası istiqamətində əməkdaşlıq, AIPA Türkiyə ilə süni intellekt sahəsində tərəfdaşlığın genişləndirilməsi, eləcə də Türkiyə və Azərbaycan şirkətləri üçün təqdimat turlarının təşkili müzakirə olunub. Bununla yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya çərçivəsində digər potensial əməkdaşlıq imkanlarına da toxunulub.