Yazlıq taxıl sahələrinin sığortalanması müddəti yekunlaşır

2026.06.10 13:10 (UTC+04:00)

Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyunun 15-də başa çatır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel, subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır.

Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində məhsul dəyəri 1000 manat olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə 6-12 manata başa gəlir.

Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinin "Bitkiçilik məhsulları" bölməsindən və ya “Bitkiçilik kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür.