Filippinin Manila şəhərində keçirilən Asiya Təmiz Enerji Forumu çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə Asiya İnkişaf Bankının (AİB) rəhbər şəxsləri arasında işgüzar görüş baş tutub.
Agentliyin məlumatına görə, AİB-in baş ofisində təşkil olunan görüşdə bankın Şərqi, Mərkəzi və Qərbi Asiya regionları üzrə enerji direktoru Junho Hvanq və inkişaf etməkdə olan sahələr üzrə direktoru Sindi Tianqko iştirak ediblər.
Tərəflər arasında aparılan danışıqların əsas diqqət mərkəzində Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda reallaşdırılan enerji layihələri dayanıb. Müzakirələr zamanı xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsini nəzərdə tutan layihə önə çıxarılıb. Bu çərçivədə, sözügedən layihənin Texniki İqtisadi Əsaslandırmasının hazırlanması prosesi və AİB tərəfindən həmmaliyyələşdirmənin təmin edilməsi məsələləri müzakirə edilib.
Bundan əlavə, görüşdə enerji sektorunda gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib. Rəsmilər qarşılıqlı maraq kəsb edən digər istiqamətləri nəzərdən keçirərək, birgə fəaliyyət planı və qarşıdakı mərhələlərdə həyata keçiriləcək praktiki addımları da nəzərdən keçiriblər.