Ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda debat turnirinin qalibləri müəyyənləşib

2026.06.08 16:46 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Vergilər" mövzusunda keçirilən debat turniri yekunlaşıb.

Turnirin əsas məqsədi tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eləcə də vergi sahəsinə marağın artırılması olub.

DVX-nin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil olunan turnirdə 29 ali təhsil müəssisəsini təmsil edən, Azərbaycan, ingilis və rus bölmələrindən ümumilikdə 62 debatçı təsnifat və final mərhələlərində mübarizə aparıb.

Turnirin bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Şahin Seyidzadə və Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev iştirak ediblər.
Çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, bu cür təşəbbüslər gənclərdə analitik düşüncə qabiliyyətinin gücləndirilməsi, yaradıcı təfəkkürün formalaşdırılması, araşdırma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Xüsusilə vergi mövzusu ətrafında aparılan müzakirələr tələbələrin iqtisadi proseslərə və vətəndaş məsuliyyətinə daha yaxından yanaşmasına töhfə verir.

Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, debat formatı gənclərdə mövqe formalaşdırmaq, əsaslandırılmış fikir irəli sürmək və arqumentasiya bacarıqlarını inkişaf etdirmək baxımından mühüm platformadır.

Emil Qarayev öz növbəsində qeyd edib ki, müasir dövrdə effektiv kommunikasiya, düzgün sual formalaşdırmaq, qarşı tərəfi dinləmək və əsaslandırılmış müzakirə aparmaq bacarıqları xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, debat turnirləri bu bacarıqların formalaşmasına və gənclərin analitik düşüncə səviyyəsinin yüksəldilməsinə xidmət edir.

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Aydan Hüseynova isə öz çıxışında turnir haqqında ümumi statistik göstəriciləri səsləndirib və debatçılara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov debatın fərqli fikirlərə hörmət və həqiqəti axtarmaq sənəti olduğunu diqqətə çatdırıb və layihə rəhbəri olaraq, turnirin ədalətli və şəffaf başa çatmasında münsiflər heyətinin keyfiyyətli işini xüsusi vurğulayıb.

Çıxışlardan sonra yarışın nəticələrinə əsasən hər dil bölməsi üzrə qalib komandalar müəyyən edilib. Azərbaycan və rus dili bölmələri üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları, ingilis dili bölməsi üzrə isə Azərbaycan Dillər Universitetinin komandası kubok, qızıl medal və hədiyyələrlə təltif olunub. Digər iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, həmçinin hakimlər heyəti tərəfindən sertifikat və medallarla təltif ediliblər.