İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sosial məsuliyyət tədbiri çərçivəsində Bakı şəhərində yerləşən istirahət mərkəzlərindən birində 10 nömrəli internat məktəbinin şagirdləri üçün xüsusi istirahət proqramı təşkil edilib.
Tədbir zamanı məktəblilər üçün təbiət gəzintisi, komanda oyunları və əyləncəli yarışlar keçirilib, şagirdlərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili üçün şərait yaradılıb. Tədbir uşaqlarda komanda ruhunun, əməkdaşlıq bacarıqlarının və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edib.
Proqram çərçivəsində keçirilən əyləncəli oyunlarda və müxtəlif yarışlarda fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə təltif olunublar. Eyni zamanda, tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri və internat məktəbinin akt zalı üçün zəruri avadanlıq təqdim edilib.
Tədbirin əsas məqsədi qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərmək, onların sosial fəallığını artırmaq, cəmiyyətə inteqrasiyasını təşviq etmək, özünəinam hissinin gücləndirilməsinə və komanda ruhunun formalaşdırılmasına töhfə vermək olub. Dövlət Vergi Xidməti sosial məsuliyyət təşəbbüsləri çərçivəsində internat məktəblərində təhsil alan uşaqların rifahının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələrə xüsusi diqqət yetirir.