Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AMB-nin məlumatına görə, Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.
Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcək. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.