Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ikinci böyük sosial tədbirlər paketi həyata keçirilməyə başlayır. Həmin paketdə hər bir kateqoriya üzrə əməkhaqqının artırılması nəzərdə tutulur. Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib: “Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manat oldu. Bu, əhalinin gəlirlərinin gücləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addımdır. Məlum olduğu kimi, bu ilin əvvəlində minimum əməkhaqqı 130 manat idi. Bundan sonra birinci islahat paketi çərçivəsində həmin məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırıldı. Bu, minimum əməkhaqqının orta yaşayış minimumunu 40 faiz üstələməsi deməkdir. Əgər birinci islahat paketi nəticəsində minimum əməkhaqqı təqribən 600 min nəfəri əhatə etmişdirsə, ikinci islahat paketi nəticəsində 950 min nəfər əhatə olunur. Onun 600 min nəfəri dövlət, 350 min nəfəri özəl sektorda çalışır. Artımlarım miqyasını təsəvvür etmək üçün bəzi rəqəmləri xatırlatmağa ehtiyac var. Birinci islahat paketi nəticəsində muzdla çalışanların 40 faizinin əməkhaqqında artım edilmişdi, son islahat paketi onların 63 faizini əhatə edəcək. Ümumilikdə iki artım nəticəsində Azərbaycanda minimum əməkhaqqı 93 faiz artıb. Bu, MDB məkanında minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə ikinci göstəricidir. 2018-cu ildə ölkəmizdə orta əməkhaqqı təxminən 540 manat idisə, son artım nəticəsində həmin rəqəm 625 manata yaxın olacaq.
İkinci sosial paketin tətbiqi özəl sektorda da işçi qüvvəsinin cəlb olunması üçün əlavə stimul yaradır. Son altı ayın statistikasına nəzər yetirəndə bu sahədə müsbət tendensiyanı görmək mümkündür. Məsələn, ilk növbədə əmək müqavilələrinin sayı təqribən 7 faiz artıb. Bəzən minimum əməkhaqqının artımının qeyri-məşğulluğun artımına səbəb olduğunu düşünürlər, lakin rəqəmlər bunun əksini göstərir. Digər tərəfdən, əməkhaqqı fondunda 18 faiz artım yaranıb. Bu, özəl sektorda 23 faiz artım deməkdir. Bu, sosial sığortaların yığımına da müsbət təsir göstərir, çünki bəzən sosial islahatlara xərclənən vəsaitin büdcəyə əlavə yük olduğunu düşünürlər. Lakin biz sosial islahatlara sərf olunan vəsaitin yenidən büdcəyə qayıdacağını görəcəyik və bu, islahatların növbəti mərhələlərini də uğurla aparmağa imkan verəcək.
Hər islahatın uğur meyarlarından biri onun ardıcıl şəkildə aparılmasıdır. Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatlarına görə, sosial sahədə ardıcıl şəkildə islahat aparmağa 40 dövlət arasında yalnız Polşa, Çexiya və Finlandiya kimi ölkələr nail ola bilib. Azərbaycanın da həmin sırada olması qürurverici haldır. Əgər sosial sahədə həyata keçirilən islahatlara nəzər yetirsək, aydın olar ki, ilin əvvəlində aparılan islahatlar daha çox pensiya, müavinət və təqaüdlərin artımına yönəldildi və 3 milyon nəfəri, başqa sözlə desək, ölkə əhalisinin 30 faizini əhatə etdi. İki sosial paketin birlikdə əhatə dairəsi isə əhalinin 40 faizini təşkil edir. Onu da qeyd edim ki, sosial sahədə aparılan bu islahatların iqtisadi inkişafa mənfi təsir göstərəcəyi, inflyasiyaya təkan verəcəyi barədə fikirlər mövcud idi. Lakin statistika göstərir ki, son altı ayda inflyasiya təqribən 2-3 faiz civarındadır. Ölkəmizdə ümumi inkişaf meyarlarına baxsaq, onları inflyasiya və digər tendensiyalarla müqayisə edəndə 2019-cu ilin uğurlu il olduğunu görərik”.
Pensiyaların artımı barədə danışan nazir müavini deyib: “Əgər pensiyalar martın 1-dən 160 manata çatdırılmışdırsa, oktyabrın 1-dən həmin məbləğ 200 manata qaldırılacaq. Birinci islahat paketi çərçivəsində təqribən 230 min, ikinci islahat paketi 660 min pensiyaçını əhatə edəcək. Bununla yanaşı, müavinət və təqaüdləri də nəzərə alsaq, onda həyata keçirilən islahatlar 300 min əlili, 500 min qaçqını, 100 min tələbəni əhatə edəcək.
Ölkəmizdə əməkhaqqı ödənişi vahid tarif cədvəli və vəzifə maaşları üzrə aparılır. Vahid tarif cədvəlinin 19 dərəcəsi var. Minimum əməkhaqqının artırılması bütün 19 dərəcə üzrə öz təsirini göstərəcək. Bəzi tarif cədvəlləri üzrə artım 70 manat, bəzi cədvəllərdə 100 manat olacağı gözlənilir. Əgər minimum əməkhaqqı 950 min nəfəri əhatə edirsə, xüsusi rütbəlilər və dövlət qulluğunun müxtəlif növləri üzrə çalışanların 400 min nəfər olduğunu nəzərə alsaq, onda 1milyon 350 min nəfərin əməkhaqqı artımından söhbət gedir.
Minimum əməkhaqqının artırılması təxminən 800 milyon manata başa gələcək, müxtəlif dövlət qulluqçularının əməkhaqqının qaldırılması isə 780 min manata yaxın maliyyə vəsaiti tələb edəcək. Bu, ölkəmizin iqtisadi inkişafının uğurlarının bariz nəticəsi və onun sosial islahatların ardıcıl və davamlı aparılmasına ayırdığı diqqətin, eləcə də vətəndaşların rifah halına göstərilən qayğının danılmaz ifadəsidir”.