Ərzaq məhsullarının tədarükü və təchizat sisteminin inkişafına dair Fəaliyyət Planı hazırlanıb

2019.09.05 14:50 (UTC+04:00)

Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin inkişaf etdirilməsi istiqamətində koreyalı professorların iştirakı ilə fəaliyyət planı hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu məqsədlə “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər vəzifəli şəxsləri və bir qrup əməkdaşı Cənubi Koreyada təşkil olunan “Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin təkmilləşdirilməsi” mövzusunda təlimdə iştirak ediblər. Təlimin əsas məqsədi Cənubi Koreya Respublikasında qida məhsullarının tədarükü və təchizatı sahəsində mövcud qanunvericilik, yerli və mərkəzi hakimiyyətlərin bu prosesdə rolu, tədarükçü və dövlət satınalma təşkilatları ilə münasibətlərin tənzimlənməsi kimi müxtəlif mövzularla əyani şəkildə tanışlıq və ölkəmizdə Cənubi Koreya təcrübəsini tətbiq etmək olub.

Təlim boyunca iştirakçılar və təlimçilər tərəfindən hər iki ölkədə mövcud vəziyyətin qarşılıqlı təhlili aparılıb. Görüşlərdə ekologiyanı qorumaqla bağlı həyata keçirilən (eco-friendly) istehsal prosesi və fermer kooperativləri ilə iş, məktəblərin ərzaq təminatı, müqaviləli əkin qaydaları, tədarükçü fermerlərin seçim meyarları geniş müzakirə olunub.

Təlim çərçivəsində iştirakçılar Nəqliyyat və Loqistika Mərkəzinə baş çəkiblər, qurumun iş prinsipi və əməliyyat həcmi, loqistika prosesində qida təhlükəsizliyinə nəzarət mexanizmləri, kiçik həcmdə qablaşdırılmış məhsul istehsalı prosesi ilə tanış olmaq imkanı əldə ediblər.

Təlim proqramının sonunda Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin inkişaf etdirilməsi istiqamətində koreyalı mütəxəssislərin iştirakı ilə fəaliyyət planı hazırlanıb. “Aqrar və qida ticarəti sisteminin təkmilləşdirilməsi” mövzusunda hazırlanmış Fəaliyyət Planı koreyalılar tərəfindən yüksək qiymətləndirilib. Fəaliyyət Planında Koreya təcrübəsini əsas götürərək Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı prosesinin avtomatlaşdırılması, kiçik və orta fermer təsərrüfatı sahiblərinin prosesdə daha yaxından iştirakının stimullaşdırılması, şəffaflığın artırılması və biznes proseslərinin optimallaşdırılması nəzərdə tutulur.