Zərgərlik Azərbaycanda qədim sənət növüdür və bu gün azərbaycanlı ustaların hazırladıqları zərgərlik məmulatlarına dünya bazarında tələbat var.
Bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, cari ilin birinci rübündə Azərbaycanda zərgərlik məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artıb ki, bu da təsadüfi xarakter daşımır.
“Milli ornamentləri özündə əks etdirən zərgərlik məmulatları xüsusi rəğbətlə qarşılanır və geniş alıcı kütləsinə malikdir. Zərgərlik sənayesi Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. İlk növbədə milli iqtisadiyyatın ixrac potensialını artırır və çox gəlirli sahədir. Bu biznes növü istehsalımıza və ixracımıza əlavə dəyər qatır. Bu gün keçirilən sərgidə nümayiş olunacaq məhsullar mütləq alıcı tapacaq. Sərgidə iştirak edən xarici ölkələrin iş adamları ilə yerli zərgərlərin əlaqə qurub əməkdaşlıq etmələri üçün də imkan yaradılıb”, - deyə Tural Hacılı qeyd edib.
AZƏRTAC