Aqrar Subsidiya Şurası fermerlərə dövlət dəstəyini gücləndirmək məqsədilə qərarlar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni qaydalara əsasən, birillik əkinlərin istehsalı üçün banklardan götürülən kreditlərin illik faiz dərəcəsinin 19 faizədək olan hissəsi dövlət büdcəsi hesabına ödəniləcək.
Müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb. Belə ki, qənaətcil suvarma sistemlərindən istifadə edən fermerlər hər hektara görə ənənəvi üsulla müqayisədə 150 manat daha çox əkin subsidiyası alacaqlar. Həmçinin müasir suvarma ilə şəkər çuğunduru istehsal edənlərə hər ton üçün 22 manat, ənənəvi üsulla əkənlərə isə 19 manat məhsul subsidiyası ödəniləcək.
Şuranın qərarı ilə subsidiyaların coğrafi əhatə dairəsi də genişləndirilib. Mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmazda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvanda, işğaldan azad edilmiş Xocavənd rayonunda salınan super-intensiv şaftalı bağları üzrə əkin subsidiyası isə birbaşa təyinatı üzrə tətbiq olunacaq.
Keyfiyyətli istehsalı artırmaq məqsədilə sertifikatlı toxumdan istifadə tələbləri də sanksiyalaşdırılıb. Belə ki, buğda əkin sahəsi 10 hektardan, arpa sahəsi isə 100 hektardan artıq olan fermerlər sertifikatlı toxumdan istifadə etmədikdə, onlara verilən əkin subsidiyasının məbləği 20 faiz azaldılacaq.