Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büronun (IBFD) “Vergi hüququnda ödəmə qabiliyyəti prinsipi” (Ability to Pay in Tax Law) mövzusuna həsr olunmuş beynəlxalq konfransı keçirilib.
Konfransda vergi hüququnda ödəmə qabiliyyəti prinsipinin əsas müddəaları, onun hüquqi tənzimlənmə tarixi və fəlsəfi əsasları, vergi sistemində rolu, hüquqi çərçivəsi, gəlir vergisi və digər vergi növləri ilə qarşılıqlı əlaqəsi, eləcə də beynəlxalq aspektləri geniş müzakirə olunub.
Tədbirdə iştirak edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Zahir Babayev konfrans çərçivəsində IBFD-nin akademik sədri professor Pasquale Pistone, akademik sədrin müavini professor Joao Felix Pinto Nogueira və digər mütəxəssislərlə görüşüb. Görüşlər zamanı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, peşəkar əməkdaşlıq perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.