Arif Quliyev: “Vergi ombudsmanı tərəf deyil, qanunun müdafiəçisidir” MÜSAHİBƏ

2026.06.02 15:14 (UTC+04:00)

- Vergi ombudsmanı institutu hansı zərurətdən yaranıb və bu gün hansı missiyanı yerinə yetirir?

- Vergi ombudsmanı institutu 2019-cu ilin may ayında ictimai əsaslarla fəaliyyətə başlayıb. İnstitutun əsas missiyası vergi ödəyicilərinin hüquqlarının qorunması, hüquq pozuntularının qarşısının alınması və pozulmuş hüquqların bərpasına dəstək göstərilməsidir. Həmin dövrdə vergi orqanı ilə sahibkar arasında yaranan mübahisələrin məhkəməyə daşınmadan həll edilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdu. Vergi ombudsmanı institutunun yaradılması da məhz bu yanaşmanın praktiki təzahürü idi. 2024-cü ildə həyata keçirilən struktur islahatları çərçivəsində 12 ştat vahidindən ibarət Vergi ombudsmanı xidməti baş idarəsi yaradıldı. Hazırda Vergi ombudsmanı xidməti sistemli və institusional əsaslarla çalışan peşəkar komandanı əhatə edir.

- Vergi ombudsmanı fəaliyyətini hansı əsas istiqamətlər üzrə həyata keçirir?

- Fəaliyyətimiz əsasən üç istiqaməti əhatə edir. Birinci istiqamət fərdi müraciətlərlə bağlıdır. Vergi ödəyiciləri Ombudsmana birbaşa müraciət etdikdə həmin müraciətlərin icrasına nəzarət olunur, hüquq pozuntusu halının olub-olmaması araşdırılır və nəticəyə uyğun tədbirlər görülür. İkinci istiqamət sistemli təhlilləri əhatə edir. Vergi orqanlarına daxil olan təklif, ərizə və şikayətlər təhlil edilir, vergi ödəyiciləri ilə keçirilən görüşlər zamanı qaldırılan məsələlər araşdırılır və hüquq pozuntularına səbəb ola biləcək neqativ meyillər müəyyənləşdirilir. Üçüncü istiqamət isə vergi inzibatçılığı proseslərinin təhlilidir. Burada məqsəd tətbiq olunan inzibati mexanizmlərin vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından qiymətləndirilməsidir. Hər üç istiqamət üzrə aşkarlanan nöqsanlarla bağlı aidiyyəti funksional baş idarələrə, hüquq və vergi siyasətinə cavabdeh strukturlara təklif və tövsiyələr təqdim olunur. Eyni zamanda oxşar halların təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsi istiqamətində əməkdaşlıq həyata keçirilir.

- Vergi ombudsmanı daha çox sahibkarın, yoxsa vergi orqanının maraqlarını müdafiə edir?

- Bu sual bizə çox ünvanlanır və cavabımız birmənalıdır. Vergi ombudsmanı yalnız qanunun tərəfindədir. Əgər vergi ödəyicisinin hüquqları pozulubsa, məqsədimiz həmin faktı obyektiv şəkildə araşdırmaq və pozuntunun aradan qaldırılması üçün əsaslandırılmış təklif və tövsiyələr verməkdir. Məsələn, vergi hesablanması, maliyyə sanksiyası və ya inzibati tədbirlərlə bağlı müraciətlər araşdırılır və nəticəyə uyğun olaraq aidiyyəti vergi orqanlarına tövsiyələr göndərilir. Digər tərəfdən, bəzi hallarda hüquq pozuntusu faktı təsdiqini tapmır və bu zaman hər hansı tövsiyə verilmir. Onu da xüsusi qeyd etməliyik ki, vergidən yayınan şəxslərə dəstək göstərilməsi Ombudsmanın fəaliyyət prinsiplərinə uyğun deyil. Çünki bir vergi ödəyicisinin vergidən yayınması digər vergi öhdəliklərini düzgün yerinə yetirən sahibkarların hüquqlarını pozur və haqsız rəqabət yaradır. Vergi ombudsmanının əsas rolu yalnız şikayətləri qəbul etmək deyil, eyni zamanda sistemdə mövcud olan problemləri müəyyənləşdirərək onların aradan qaldırılması üçün institusional həllər təklif etməkdir.

- Vergi ödəyiciləri hansı hallarda Vergi ombudsmanına müraciət edə bilərlər?

- Vergi ödəyicisi hüquqlarının pozulduğunu düşündüyü bütün hallarda Ombudsmana müraciət edə bilər. Bu hallar sırasında kameral və ya səyyar vergi yoxlamaları zamanı əsassız əlavə hesablamalar, operativ nəzarət tədbirləri çərçivəsində tətbiq olunan haqsız maliyyə sanksiyaları, vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi və digər inzibati problemlər yer ala bilər. Müraciət imkanları kifayət qədər əlçatandır. Vergi ödəyiciləri yazılı qaydada müraciət edə, Ombudsman və ya Baş idarənin rəhbərliyi ilə fərdi görüşlərdə iştirak edə, həmçinin mütəmadi təşkil olunan açıq görüşlərə qoşula bilərlər.

- 2025-ci ildə və 2026-cı ilin ilk rübündə Vergi ombudsmanının fəaliyyəti hansı nəticələrlə xarakterizə olunur?

- 2025-ci il üzrə bir sıra mühüm nəticələr əldə olunub. Belə ki, vəzifəli şəxslər tərəfindən 7 vergi ödəyicisi birbaşa qəbul edilib. Daxil olan müraciətlərin təhlili əsasında hüquq pozuntularının aşkarlanması məqsədilə 4 istiqamət, şikayətlərin əsas səbəblərinin müəyyənləşdirilməsi üçün isə 5 istiqamət üzrə araşdırmalar aparılıb. Bundan əlavə, Dövlət Vergi Xidmətinin 8 iş prosesi ətraflı şəkildə təhlil edilib. 2025-ci il üzrə Vergi ombudsmanına 175 faktiki müraciət daxil olub. Ötən ildən icrada qalan 4 müraciətlə birlikdə ümumilikdə 179 müraciət araşdırılıb. Bu müraciətlərdən 100-ü üzrə tövsiyəyə ehtiyac yaranmayıb. Belə ki, ya hüquq pozuntusu faktı müəyyən edilməyib, ya müraciətə səbəb olan məsələ araşdırma müddətində aradan qalxıb, ya da məsələ Ombudsmanın səlahiyyətlərinə aid olmayıb. Qalan 79 müraciət üzrə isə hüquq pozuntusu faktı təsdiqlənib və aidiyyəti strukturlara müvafiq tövsiyələr göndərilib. Həmin tövsiyələrin 75 faizi qəbul edilərək məsələlər vergi ödəyicilərinin xeyrinə həll olunub. 2026-cı ilin birinci rübündə isə Ombudsmana 52 faktiki müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu müraciətlərin təxminən 60 faizi üzrə tövsiyəyə ehtiyac yaranmayıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti struktur bölmələrə təklif və tövsiyələr təqdim olunub və işlər hazırda davam etdirilir. Bu statistika göstərir ki, vergi ödəyiciləri artıq Vergi ombudsmanı institutunu tanıyır və hüquqlarının müdafiəsi üçün bu mexanizmə daha çox etibar edirlər. Məlumatlılıq səviyyəsinin artması ilə Ombudsmana daxil olan müraciətlərin sayı da artır və bu tendensiya artıq davamlı xarakter daşıyır. Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də işlər davam etdirilir. Avstraliya, Hindistan, Gürcüstan, Fransa və Polşanın vergi administrasiyaları və ombudsman institutlarının fəaliyyəti araşdırılıb. Praktiki təcrübə mübadiləsi məqsədilə Londona işgüzar səfər həyata keçirilib. Məqsəd əldə olunan təcrübəni yerli sistemə uyğunlaşdıraraq tətbiq etməkdir.

- Regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin Vergi ombudsmanına əlçatanlığı necə təmin olunur?

- Regionlarda keçirilən görüşlər fəaliyyətimizin vacib istiqamətlərindən biridir. Hər rübdə ən azı bir dəfə müxtəlif meyarlar əsasında seçilmiş vergi ödəyiciləri ilə yerli vergi orqanlarında görüşlər təşkil olunur. Ötən il Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, eləcə də 14 saylı, 13 saylı və 9 saylı Ərazi Vergilər İdarələrində qeydiyyatda olan vergi ödəyiciləri ilə keçirilən görüşlərdə 370-dən artıq sahibkar iştirak edib. Bu görüşlər zamanı Vergi ombudsmanı institutunun fəaliyyəti barədə ətraflı məlumat verilir, sorğular keçirilir, sahibkarların problemləri və təklifləri dinlənilir, müzakirələr nəticəsində formalaşan əsas məsələlər aidiyyəti strukturlara təqdim olunur. Bu ilin mart ayında Yevlax şəhərində keçirilən görüş regionlarda aparılan işlərin son nümunələrindən biridir. Növbəti görüş isə iyunun 19-da Qəbələ şəhərində keçiriləcək. Kiçik, orta və iri sahibkarlıq subyektlərini həmin görüşdə iştirak etməyə dəvət edirik.