Müəssisə 2018-ci ilin avqust ayına kimi sadələşdirilmiş verginin ödəyicisi olub. 2018-ci ilin avqust ayından etibarən birdəfəlik əqd ilə 200 mindən çox dövriyyəsi olduğu üçün ƏDV ödəyicisi kimi fəaliyyətini davam etdirib. Lakin 2019-cu ilin iyul ayında şirkətin fəaliyyəti daxili auditor tərəfindən yoxlanılarkən məlum olub ki, 2018-ci ilin yanvar ayından etibarən hər ay üzrə 10 min manatlıq gəlir əldə edilməsinə baxmayaraq, bu gəlirlər istər qaimələrdə, istərsə də hesabatlarda əks etdirilməyib. Göstərilən xidmətlərə görə isə ödənişlər bank hesabına hər ay üzrə daxil olub. Bu situasiyada əvvəlki dövr üçün göstərilən xidmətlərə görə e-qaimə-fakturaların bugünkü tarixdə buraxılması və bəyannamələrə dəyişikliklərin edilməsi necə tənzimlənməlidir?
Suala Vergilər Nazirliyindən aydınlıq gətirilərək bildirilib ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.
ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Qeyd: Bu tipli məsələlər Vergi Məcəlləsinin 72.5-ci, 163-cü maddələri ilə tənzimlənir.