Sosial sığorta hesabatları Vergilər Nazirliyinə təqdim olunacaq

2019.01.08 16:19 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sosial sığorta yığımlarının Vergilər Nazirliyi tərəfindən aparılması ölkədə biznes mühitinin yaxşılaşmasına və inzibatçılığın yüksəldilməsinə yönəlib. Onun sözlərinə görə, məqsəd odur ki, Azərbaycanda sahibkarlar məhz bir quruma hesabat təqdim etsin və ödənişlər, eləcə də yoxlamalar bir qurum tərəfindən həyata keçirilsin: "Bu, inzibatçılığın təkmilləşdirilməsi baxımından böyük bir addımdır. Sırf proses olaraq qeyd edə bilərik ki, əvvəlki dövrlərdə olduğu kimi, hesabatlar doldurulacaq, amma Vergilər Nazirliyinə təqdim ediləcək, ödənişlər isə Dövlət Sosial Müdafiə Fonduna aparılacaq. Ödənişini normal şəkildə edən vətəndaşlarımız üçün dəyişən bir şey yoxdur, sadəcə, inzibatçılıq sadələşib. Bu sahədə yoxlamaları da Vergilər Nazirliyi həyata keçirəcək. Yığımlara nəzarət funksiyasını Vergilər Nazirliyi aparacaq, fərdi uçot, sosial sığorta siyasəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qalacaq".