Norveçin Oslo şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Vergi administrasiyaları üçün media strategiyaları: böhranların idarə olunması və gənc nəsillərin cəlb edilməsi” mövzusunda kommunikasiya forumu keçirilib. Hibrid formatda təşkil olunan tədbirdə 33 ölkədən 48 nümayəndə iştirak edib.
Forumun ilk günündə böhran vəziyyətlərində kommunikasiya hazırlığı, media ilə əlaqələndirilmiş cavab tədbirləri və rəqəmsallaşan kommunikasiya mühitində reputasiya risklərinin idarə olunması məsələləri müzakirə olunub. Litva, Finlandiya, İtaliya, İsveç, Azərbaycan, Bosniya və Herseqovina, eləcə də Gürcüstan nümayəndələri təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva “Böhran vəziyyətlərində effektiv kommunikasiyanın təşkili” mövzusunda təqdimatla çıxış edərək DVX-də böhran kommunikasiyasının təşkili, ictimaiyyətlə əlaqələr, media planlaşdırılması, əməkdaşlar üçün keçirilən təlimlər və vergi orqanlarına etimadın artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Forumun ikinci günündə gənc nəsillərin vergi sahəsində maarifləndirilməsi, gələcəyin vergi ödəyiciləri ilə uzunmüddətli münasibətlərin qurulması və rəqəmsal kommunikasiya strategiyaları müzakirə olunub. Müxtəlif ölkələrin nümayəndələri gənc auditoriyalar arasında vergi savadlılığının və ictimai iştirakçılığın artırılmasına yönəlmiş innovativ yanaşmaları təqdim ediblər.
Sessiyalar zamanı böhran vəziyyətlərində operativ və şəffaf kommunikasiyanın əhəmiyyəti, həmçinin gənc vergi ödəyicilərinin maarifləndirilməsi və onların cəlb olunmasına xidmət edən rəqəmsal həllər üzrə təcrübə mübadiləsi aparılıb. Azərbaycanın vergi orqanlarında tətbiq olunan müvafiq təcrübələr də iştirakçıların diqqətinə çatdırılıb.