Vergi qanunveriliciyində edilmiş dəyişikliklərin iqtisadiyyata təsirləri

2019.09.05 11:07 (UTC+04:00)

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Moody’s Beynəlxalq Reytinq Agentliyinin açıqladığı hesabatda Azərbaycanla bağlı fikirlər də qeyd olunub. Bu barədə Milli Məclisin deputatı Azər Badamov "vergiler.az"a şərh verib. Bildirilib ki, avqust ayının sonunda Moody’s Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələrinin iqtisadiyyatı ilə bağlı hesabatında 2015-2016-cı illərdə neftin qiymətlərində baş vermiş ucuzlaşmanın bir sıra ölkələrin iqtisadiyyatına göstərdiyi təsirlər və iqtisadi islahatların aparılmasını şərtləndirməsi əksini tapıb: "Azərbaycanla bağlı hesabata görə, neftin qiymətinin ucuzlaşması fonunda bankların dollarlaşmasına baxmayaraq, aparılan maliyyə-bank islahatları nəticəsində inflyasiya aşağı həddə qalmaqla manat möhkəmlənib ki, bu da manatın dollarla bağlılığını aradan qaldırıb, xarici şokları yumşaltmağa imkan verib. Hesabatda həm də vergi qanunveriliciyində edilmiş dəyişikliklərin iqtisadiyyata müsbət təsirinə toxunularaq, büdcə kəsirinin qeyri-neft sektoru hesabına azalacağı qeyd olunur".

Millət vəkili qeyd edib ki, ümumi götürüləndə, 2018-ci ilin hesabatında 2019-cu ildə Azərbaycanda ÜDM-in artımının 3 faiz olacağı proqnozlaşdırılmışdı. Bu ilin 6 ayının göstəriciləri, yəni ÜDM-in 2,4 faizi keçməsi fonunda Moody‘s Agentliyinin Azərbaycanla bağlı açıqladığı hesabatlarının reallığa uyğun gəldiyini qeyd etmək olar: "Hesabatda qeyd olunur ki, 2016-cı ildən başlanan iqtisadi islahatların bəzi ölkələrdə səngiməsinə baxmayaraq, Azərbaycanda daha geniş xarakter alıb və iqtisadi artımlara gətirib çıxarır. Hesabatda Azərbaycan MDB məkanında "Ba2" stabil indeksi ilə dəyərləndirilməklə üçüncü yerdə möhkəmlənir. Qeyd edə bilərəm ki, bu göstərici iqtisadiyyatımızın müsbət dinamikasını özündə əks etdirir. Ölkədə aparılan iqtisadiyyatın diversifikasiya siyasəti və davamlı iqtisadi islahatlar beynəlxalq hesabatlarda mövqelərimizin gələcək dövrdə daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır".

Fəxriyyə İKRAMQIZI