Səkinə Babayeva: "Hədəfimiz xanımların dayanıqlı gəlir qazanmasıdır” MÜSAHİBƏ

2026.05.26 10:49 (UTC+04:00)

- Səkinə xanım, istərdik fəaliyyətinizin bünövrəsinə nəzər salaq. Öncə rəhbərlik etdiyiniz qurumun yaranma tarixi barədə məlumat verməyiniz maraqlı olardı...

- Assosiasiyamız 2017-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis edilib. Çox keçmədən, yəni 2018-ci ildən rəsmi fəaliyyətə başlamışıq. İnkişaf tempimiz olduqca qürurvericidir. Fəaliyyətimizin ilk dövründə cəmi 10 nəfər idiksə, bu gün artıq bütün ölkə üzrə 5000 üzvü olan böyük bir ailəyə çevrilmişik. Təkcə Bakı şəhərində aktiv dövriyyəsi və faktiki fəaliyyəti olan 250 sahibkarlıq subyektimiz mövcuddur. Assosiasiyaya maraq durmadan artır. 2025-ci ildə üzvlük üçün 150 müraciət qeydə alınıb və onlardan rəsmi meyarlara cavab verən 10 nəfəri sıralarımıza qəbul etmişik.

Fəaliyyətimizin ilk dövründə cəmi 10 nəfər idiksə,
bu gün artıq bütün ölkə üzrə 5000 üzvü olan böyük bir ailəyə çevrilmişik

- Bəs bu gün AQSİA-nın ətrafında birləşən qadın sahibkarlar daha çox hansı sahələrdə fəaliyyət göstərirlər?

- Üzvlərimiz olduqca geniş və çoxşaxəli sahələrdə çalışırlar. Tekstil, xidmət, sənaye, gözəllik, səhiyyə kimi sektorlarda fəaliyyət göstərirlər. Biz təkcə ənənəvi sahələrlə kifayətlənmir, kənd təsərrüfatı sektorunda tətbiq olunan xüsusi kimyəvi laboratoriya məhsullarının ölkəyə gətirilərək yerli fermerlərin istifadəsinə verilməsini də təmin edirik. Sevindirici haldır ki, bu gün aqrar sektorda traktor idarə edən və ya istixana komplekslərini müasir avadanlıqlarla təchiz edən qadın sahibkarlarımız var. İxrac potensialımıza gəlincə, hələlik kütləvi xarakter daşımasa da, xüsusilə taxıl məhsullarının xaricə çıxarılması istiqamətində addımlar atılır. Maraqlı bir uğur hekayəsini də sizinlə bölüşmək istərdim. Tovuzda kartof təsərrüfatı ilə məşğul olan bir xanım üzvümüz ötən il Rusiya bazarına rəsmi olaraq 2 ton məhsul ixrac edib.

- Sözsüz ki, biznesin inkişafında regionların rolu böyükdür. Assosiasiyanın bölgələrdəki qadınların potensialını üzə çıxarmaq üçün hansı prioritet planları və layihələri var?

- Əsas prioritetlərimizdən biri qadınların regionlarda iqtisadi cəhətdən gücləndirilməsi layihəsidir. Bu təşəbbüs kənd təsərrüfatı, kommersiya və istehsalat sahələrində qadınların aktivliyini artırmağı hədəfləyir. Genişmiqyaslı maarifləndirmə işləri çərçivəsində artıq Gəncə, Quba, Qusar, Xaçmaz və Qarabağ bölgələrində uğurlu layihələr icra etmişik. Regionlardakı xanımların sahibkarlığa marağını və motivasiyasını yüksəltmək üçün Bakıda uğur qazanmış qadın sahibkarları bölgələrə aparır, onların canlı təcrübələrini yerli xanımlarla bölüşürük. Hesab edirəm ki, bu, onlar üçün böyük motivasiyadır. Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasında nümayəndəliyimizi açdıq. Mayın 30-da muxtar respublikada böyük bir forum təşkil etməyi planlaşdırırıq. Tədbirə Bakıdan 50-yə yaxın sahibkar qadın qatılacaq, Naxçıvanda biznes qurmaq istəyən xanımlara dəstək olacağıq. İyun ayında isə analoji proqramı Goranboy rayonunda həyata keçirmək fikrimiz var. Bununla yanaşı, bizim üçün ən müqəddəs vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzura qayıdan xanımların iqtisadi müstəqilliyinin təmin edilməsidir ki, bu istiqamətdə də bütün gücümüzü səfərbər etmişik.

Bu gün aqrar sektorda traktor idarə edən və ya istixana komplekslərini
müasir avadanlıqlarla təchiz edən qadın sahibkarlarımız var

- Xanımlara göstərilən dəstək sadəcə maarifləndirmə və forumlarla bitir, yoxsa onlar bizneslərini qurmaq üçün maddi-texniki və real resurs dəstəyi ilə də təmin olunur?

- Maarifləndirmə və forumlarla yanaşı, qadınları müəyyən aktivlərlə də təmin edirik. Onu xüsusi qeyd edim ki, biz qadınlara sadəcə avadanlıq verib kənara çəkilmirik, hər bir uğur hekayəsinin sonunadək təqibçisi oluruq. İyun ayında Quba və Xaçmaza edəcəyimiz səfərlər də məhz bu məqsədi daşıyır. Təqdim etdiyimiz avadanlıqların işlək vəziyyətdə olmasını, biznesə gətirdiyi səmərəni davamlı izləyirik. Çünki hədəfimiz xanımların bu vasitələrlə dayanıqlı gəlir qazanmasıdır. Nəticələr isə olduqca ruhlandırıcıdır: verilən dəstək sayəsində birləşib şərikli şirniyyat sexi və ya dərzi atelyesi quran, “öz ayaqları üzərində duran” onlarla qadınlarımız var.

- Ölkə miqyasında qadın sahibkarlığının payında və onların gəlirlərində hansı dinamika müşahidə olunur?

- Ötən illərlə müqayisədə qadınların biznes gəlirləri durmadan artır. Əgər əvvəllər ölkədəki sahibkarların cəmi 10 faizini qadınlar təşkil edirdisə, hazırda bu göstərici 25 faizə yüksəlib. Bu uğurlu statistikada AQSİA-nın göstərdiyi marketinq dəstəyinin payı böyükdür. Xanımlarımız artıq öz məhsul və xidmətlərini düzgün reklam etməyi, brendlərini tanıtmağı mənimsəyiblər.
Ölkə miqyasında geniş qadın auditoriyası üçün fərqli fəaliyyət formatları tətbiq edirik. Məsələn, ictimaiyyətə açıq keçirilən “Biznes səhər yeməyi” formatında 80-ə yaxın iş qadını bir araya gəlir. Bu görüşlərdə hər bir iştirakçıya öz biznesini təqdim etmək üçün 2 dəqiqəlik vaxt verilir ki, xanımlar bu qısa və effektiv zaman kəsiyində həm yeni müştərilər cəlb etsinlər, həm də partnyorluq əlaqələri qursunlar. Digər uğurlu layihəmiz olan “Qadın Sahibkarlıq Akademiyası” çərçivəsində isə natiqlik və nitq mədəniyyətinin formalaşması, marketinq, PR strategiyası və rəqəmsal satış kanallarının qurulması istiqamətində təlimlər təşkil edilir. Üzvlərimiz bu peşəkar proqramlardan sadəcə simvolik bir üzvlük haqqı ödəməklə yararlanırlar. Görülən işlərin miqyası özünü statistikada da aydın göstərir. AQSİA Akademiyası çərçivəsində reallaşan təlim və seminarlarda iştirak edən qadın və tələbələrin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə təxminən 30–35 faiz artıb.

Bizim üçün ən müqəddəs vəzifələrdən biri
Qarabağ və Şərqi Zəngəzura qayıdan xanımların iqtisadi müstəqilliyinin təmin edilməsidir

- Bəs yerli bazarı fəth edən qadın sahibkarlar üçün xarici bazarlara çıxış və brendləşmə imkanları necə qurulur? Assosiasiyanın beynəlxalq arenada fəaliyyəti hansı səviyyədədir?

- Assosiasiyamızın üzvləri bizimlə birlikdə qlobal arenada təmsil olunmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq imkanı əldə edirlər. Türk Dünyası Sahibkar Qadınları ilə sıx əməkdaşlıq etməklə yanaşı, Türk Ticarət və Sənaye Odaları Birliyinin də rəsmi üzvüyük. Qlobal miqyaslı fəaliyyətimiz durmadan genişlənir: 2025-ci il bu baxımdan olduqca məhsuldar keçdi. Belə ki, türk dünyasının iqtisadi və mədəni inteqrasiyasını hədəfləyən OKTAN təşkilatı, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (QİT), həmçinin Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr üzrə Assosiasiyası ilə qadın liderliyini, yaradıcılıq iqtisadiyyatını gücləndirəcək mühüm memorandumlar imzaladıq. Eləcə də TQTA (Turan Qastro Turizm) ilə tərəfdaşlığımız tekstil və moda sahəsində qadınların peşəkar inkişafına böyük töhfə verdi. Bu ilin aprelində isə fəaliyyət coğrafiyamızı daha da uzaqlara daşıyaraq Çin Qadın Sahibkarlar Assosiasiyası ilə strateji işgüzar görüş reallaşdırdıq.

Assosiasiyamıza qoşulmaq istəyən xanımlara gəlincə, bizim üçün sahibkarların iqtisadi statusu və ya biznes dövriyyəsinin həcmi əsla meyar deyil. Əgər ortada real bir məhsul, xidmət və ya güclü sahibkarlıq ideyası varsa, qapımız hər kəsə açıqdır. Biz onlara sadəcə üzvlük deyil, nəhəng bir biznes ekosistemi, geniş B2B şəbəkəsi və dövlət qurumları ilə birbaşa dialoq imkanı təklif edirik. Bir brend olaraq, qadınlarımızın ictimai nüfuzunun formalaşmasında, yerli və beynəlxalq bazarlara çıxışında və brendləşmə yolunda hər zaman ən etibarlı tərəfdaş rolunu oynayırıq.

Faiq KƏRİMOĞLU