“AzerGold” QSC ilk dəfə olaraq yerli xammaldan hazırlanan, 999,9 əyarlı gümüş külçələri bazara təqdim etməyə hazırlaşır.
QSC-dən verilən məlumata görə, məhsulların istehsal prosesinə artıq başlanılıb.
İlkin mərhələdə gümüş külçələr 250, 500 və 1000 qram çəkidə təqdim olunacaq. Növbəti mərhələdə isə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınaraq, müxtəlif çəkilərdə yeni məhsul növlərinin istehsalı planlaşdırılır.
Bildirilir ki, son illərdə yaşıl enerji texnologiyalarında, günəş panelləri və elektronika sənayesində gümüşdən istifadənin genişlənməsi bu metalın qlobal dəyərinin artmasına səbəb olub. Beynəlxalq bazarlarda gümüşə marağın yüksəlməsi ona investisiya aləti kimi tələbatı da artırıb. Milli məhsulun istehsalı ilə yerli qiymətli metallar bazarının inkişafına töhfə verməsi, həmçinin əhali və investorlar üçün etibarlı alternativ investisiya vasitəsinə çevrilməsi hədəflənir.