Müasir dövrdə dövlət idarəçiliyində insan mərkəzli yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. Müştəriyönümlülük prinsipləri dövlət xidmətlərinin göstərilməsi prosesində vətəndaşların ehtiyaclarının, maraqlarının və gözləntilərinin əsas götürülməsini zəruri edir. Bu baxımdan dövlət vergi orqanları yalnız daxili normativ tələblərlə kifayətlənməyərək, xidmətlərin vətəndaşlar üçün əlçatan, rahat və funksional təşkilinə xüsusi diqqət yetirir.
“Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası”nda qurumun gələcəyə baxışı “İnsan mərkəzli innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən tərəfdaş olmaq” kimi müəyyən edilib.
Strategiyanın “Könüllü əməletmənin təbliği” və “Davamlı və dayanıqlı inkişaf” istiqamətlərinə uyğun olaraq, həmçinin adıçəkilən sənəddə əks olunan dürüstlük, peşəkarlıq və qarşılıqlı hörmət, innovativlik və təşəbbüskarlıq, əməkdaşlıq və komanda işi kimi dəyərlərin tətbiqini genişləndirmək məqsədilə Dövlət Vergi Xidmətində İstifadəçi təcrübəsinin öyrənilməsi laboratoriyası yaradılıb. Əsas məqsəd Dövlət Vergi Xidmətinin təqdim etdiyi xidmət və məhsulların optimallaşdırılması, onların daha proaktiv və interaktiv formada təqdim olunması, xidmətlərin aydın, başadüşülən və istifadəçi dostu (“user-friendly”) olmasının təmin edilməsidir. Bununla yanaşı, laboratoriyanın fəaliyyəti xidmətlərin vergi ödəyicilərinin ehtiyac və gözləntilərinə uyğunluğunu müəyyən etməyə və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlib. Bu çərçivədə müvafiq hədəf auditoriyasına daxil olan vergi ödəyiciləri və vətəndaşlar könüllü əsaslarla tədqiqat proseslərinə cəlb ediləcəklər. Müasir metodologiyalar və qabaqcıl UX rəqəmsal alətlər vasitəsilə Dövlət Vergi Xidmətinin müxtəlif xidmətləri, o cümlədən elektron xidmətləri üzrə istifadəçi təcrübəsi araşdırmaları həyata keçiriləcək.
Bu yanaşma vergi xidmətlərinin keyfiyyətinin artırılmasına, ictimai etimadın möhkəmləndirilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunmasına yeni təkan verəcək.