Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində SPECA Şəhərlər Forumu təşkil olunub.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) üzrə “İnklüziv və davamlı şəhər gələcəyi üçün şəhərlərin mənzil həlləri” adlı forumda SPECA-ya üzv ölkələrdə şəhərsalma məsələlərinə dair müzakirələr aparılıb.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizin əlverişli coğrafi mövqeyindən bəhs edib, Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat dəhlizlərinin məhz Azərbaycandan keçdiyini deyib.
“Bu gün yaşayış və şəhər inkişafının gələcəyi ilə bağlı bu mühüm dialoqa ev sahibliyi etmək paytaxtımız üçün şərəfdir. Forum mənzil, mənzil inkişafı, təhlükəsiz və möhkəm şəhərlər və icmalar mövzusu ilə bağlı keçirilir ki, bu da bizə əlbəttə, mənzilin təkcə binalar və infrastrukturdan ibarət olmadığını xatırladır”, - deyə o əlavə edib.
Anar Quliyev qeyd edib ki, SPECA Şəhərlər Forumu şəhərlərimizin qarşısında duran çağırışların daha güclü regional əməkdaşlıq, praktiki tərəfdaşlıq, yerli və milli hakimiyyət orqanları arasında davamlı dialoq tələb etdiyinə dair ümumi anlayışı əks etdirir. Bu gün eyni prinsip bizim şəhər gündəmimizə rəhbərlik edir.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün əlamətdar məqamdır: “Biz qlobal şəhər icmasını salamlamaqdan və şəhərlərin gələcəyi, davamlı inkişaf və regional əməkdaşlıqla bağlı müzakirələrə töhfə verməkdən şərəf duyuruq. Bizim üçün və daha geniş SPECA regionu üçün Şəhərlər Forumunun da xüsusi mənası var. Bu gün biz sadəcə olaraq adi forum keçirmirik, biz bələdiyyələrimiz arasında daimi, möhkəm və transformativ əməkdaşlıq körpüsünü təsis edirik. Bu, 2024-cü ilin noyabrında COP29 zamanı yaradılmış strateji təşəbbüslərin məntiqi və yetkin davamı kimi xidmət edir. Məhz bu münasibətlə şəhərlərimiz ilk dəfə regionumuzu ağıllı, iqlimə davamlı və iqtisadi cəhətdən canlı şəhər gələcəyinə yönəltmək üçün öz möhkəm öhdəliklərini ifadə ediblər. Bakıda keçirilən COP29 konfransı zamanı rəsmi olaraq tarixi saziş - “SPECA İqlim Ağıllı Şəhərlər Forumunun yaradılmasına dair niyyət məktubu” imzalanıb.
Nazir müavini SPECA Şəhərlər Forumunun regional əməkdaşlıq üçün daimi platforma rolunu oynamasının əhəmiyyətini qeyd edib. Deyib ki, SPECA Şəhərlər Forumu ilə biz daimi, möhkəm və transformativ əməkdaşlıq körpüsünü təsis edirik.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin UNECE-nin Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə 30 ilə yaxındır ki, SPECA-ya dəstək verdiyini bildirib.
Forum çərçivəsində Almatı şəhərinin Bakıda keçirilən COP29 konfransı zamanı imzalanan “SPECA İqlim Ağıllı Şəhərlər Forumunun yaradılmasına dair niyyət məktubu”na rəsmi şəkildə qoşulmasına dair sənəd imzalanıb.
Qeyd edək ki, SPECA Şəhərlər Forumu 6 şəhər - Almatı, Arkada, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd tərəfindən təsis olunub və şəhərlər arasında birgə fəaliyyəti təşviq edir.
AZƏRTAC