Sahibkarlara dövlət dəstəyi mexanizmləri müzakirə olunub

2019.09.04 17:25 (UTC+04:00)

Sentyabrın 4-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib. Agentlikdən bildirilib ki, nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, eləcə də qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları barədə məlumalandırılıb. Görüşdə, həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarların maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət etmələri mümkündür. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Tədbirdə iştirak edən nümayəndələr sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.