İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb. Nazirlikdən verilən məlumata görə, nazir Azərbaycanın şura üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. O, 2018-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan türkdilli dövlətlərin tədbirlərində fəal iştirak edir, üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.
İqtisadiyyat naziri Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlər, ölkəmizin bir sıra xarici dövlətlərdə uğurla fəaliyyət göstərən ticarət evləri barədə məlumat verərək, Qazaxıstanın Nur - Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.
Baş katib Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb.
Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, Sənaye Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, şuranın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə müzakirələr aparılıb. Qeyd olunub ki, növbəti Zirvə toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar açacaq.