Balıqçılıq və Akvakultura Mərkəzi: bu il nərəcinsli balıq buraxılışı 1 milyona çatdırılacaq MƏQALƏ

2026.05.15 14:37 (UTC+04:00)

Azərbaycanda balıqçılıq və akvakultura sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur. 2024-cü ilin dekabrında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsi elə fəaliyyətinin ilk ilində həm bioresursların bərpası, həm də sahənin elmi əsaslarla idarə olunması istiqamətində mühüm nəticələr əldə edib. 2025-ci il ərzində su hövzələrinin zənginləşdirilməsi məqsədilə milyonlarla balıq körpəsinin təbii mühitə buraxılması, ultrasəs-sonar sistemləri ilə həyata keçirilən genişmiqyaslı tədqiqatlar və qanunvericilik bazasının təkmilləşdirilməsi bu sahənin strateji prioritetə çevrildiyini təsdiqləyir.

vergiler.az” yeni yaradılan quruma suallar ünvanlayıb və ölkəmizdə balıq ehtiyatlarının gələcək taleyini müəyyən edən hansı yeniliklər ediləcəyini araşdırıb.

2025-ci ildə su hövzələrinə 2,7 milyondan çox balıq buraxılıb

2025-ci il ərzində su hövzələrinin bioloji ehtiyatlarını zənginləşdirmək məqsədilə dövlət və özəl tərəfdaşlıq çərçivəsində ardıcıl tədbirlər görülüb, təbii mühitə müxtəlif növ balıqlar buraxılıb. Mərkəzdən verilən məlumata əsasən, bu dövr ərzində su sahələrinə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.

2026–2028-ci illəri əhatə edən hədəflər çərçivəsində mövcud balıqartırma müəssisələrinin istehsal gücünün böyüdülməsi nəzərdə tutulub ki, bunun da nəticəsində illik nərəcinsli körpə balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Proqnozlara əsasən, gələn il, həmçinin 1 milyon ədəd kütüm (Rutilus kutum) və 2 milyon ədəd çəkikimilərin (Cypriniformes) təbii mühitə buraxılması planlaşdırılır.

Mərkəz fəaliyyətə başlamazdan əvvəl - 2025-ci il üçün müəyyən edilmiş kvotalara gəlincə, Xəzər dənizi üzrə ayrılan 27 min 850 tonluq limitin 12 min 951 tonu, daxili sular üçün nəzərdə tutulan 160 tonun isə 90 tonu istifadə edilib.

Ultrasəs-sonar sistemləri ilə balıq ehtiyatları öyrənilib

Su bioresurslarının dayanıqlığını təmin etmək, ehtiyatları bərpa etmək və onları obyektiv elmi meyarlarla qiymətləndirmək effektiv idarəetmənin əsas şərtlərindən hesab olunur. Bu məqsədlə 13–23 oktyabr 2025-ci il tarixlərində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi üçün genişmiqyaslı elmi ekspedisiya təşkil edilib. Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə baş tutan bu tədqiqat prosesinə AMEA-nın Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyədən dəvət olunmuş mütəxəssislər cəlb edilib.

Ekspedisiya müddətində həm Xəzər dənizində, həm də ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının vəziyyəti ətraflı qiymətləndirilib. Xəzər dənizində kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri aparılıb. Daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti öyrənilib. Tədqiqat zamanı bu növlərin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri incələnib. Bundan əlavə, Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərindən istifadə olunaraq balıq sürülərinin miqrasiya yolları, sıxlığı və növ tərkibi müəyyən edilib.

Tədqiqat prosesində balıq nümunələri ilə yanaşı, xüsusi metodlarla zooplankton və fitoplankton nümunələri də toplanıb. Xəzər dənizinin müxtəlif nöqtələrindən - 10 və 25 metr dərinliklərdən götürülən su nümunələri Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında analiz edilib. Bu kompleks qiymətləndirmə həm cari ilin təhlili, həm də gələcək üçün nəzərdə tutulan balıqburaxılış tədbirlərinin planlaşdırılması üçün baza rolunu oynayıb.

Mütəxəssislərin hesablamalarına görə, bioloji tarazlığın qorunması üçün daxili su hövzələrinə hər il 6–12 milyon, Xəzər dənizinə isə 11–23 milyon ədəd körpə balıq buraxılmasına ehtiyac duyulur.

Akvakultura təsərrüfatlarının qeydiyyatı və bonitirovka tədbirləri

2024-cü ilin dekabr ayına qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 78 akvakultura təsərrüfatı rəsmi qeydiyyata alınıb. 2025-ci ilin sonuna Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən daha 4 təsərrüfat qeydiyyatdan keçirilib ki, bunun da 2-si RAS sistemi (suyun təmizlənərək təkrar dövr etdiyi qapalı yetişdirmə qurğusu - red.) ilə balıqyetişdirmə təsərrüfatıdır. İlin sonuna qədər, biri RAS sistemi ilə olmaqla, daha 6 təsərrüfatın sənədləşdirilməsi və ümumi sayın 88-ə çatdırılması planlaşdırılıb. İlkin araşdırmalar göstərir ki, ölkə ərazisində 600-ə yaxın orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur və hazırda həmin yerlərin ilkin uçota alınması istiqamətində işlər davam etdirilir.

Qeydə alınmış təsərrüfatlarda damazlıq balıq sürülərinin keyfiyyətini və sayını qiymətləndirmək üçün 10 təsərrüfatda bonitirovka tədbiri həyata keçirilib və ilin sonuna kimi daha 4 təsərrüfatda bu iş aparılacaq. Akvakultura təsərrüfatlarında bonitirovkanın keçirilməsi, ilk növbədə, törədici fondun öyrənilməsinə xidmət edib. Bundan başqa, CITES-in (“Convention on International Trade in Endangered Species”) tələblərinə uyğun olaraq, nəsli kəsilməkdə olan növlərin (nərəkimilər və qızılbalıqkimilər) və onlardan alınan məhsulların (ət və kürü) ticarətinə nəzarət edilməsi məqsədilə müvafiq tədbirlər icra olunub. Bu fəaliyyət balıq ehtiyatlarının dəyərini müəyyən edib və onların istifadəyə yararlılığını təsnifləşdirməyə imkan yaradır.

Bioresursların mühafizəsi: qanunsuz ov edənlərlə mübarizə tədbirləri

Mərkəzin yaydığı məlumatlara əsasən, 2025-ci il yanvarın 1-dən mayın 23-nə kimi regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı 69 akt və 29 inzibati protokol tərtib edilib, 1 fakt üzrə isə sənədlər cinayət tərkibi yaratdığı üçün hüquq-mühafizə orqanlarına göndərilib. İlin ikinci yarısında - iyunun 1-dən dekabrın 16-dək Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən həyata keçirilən reydlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində 23 inzibati protokol tərtib olunaraq müvafiq məsuliyyət tədbirləri görülüb. Eyni dövr ərzində qurumun əməkdaşlarının Su Nəqliyyatında Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyatlar nəticəsində 30 cinayət tərkibli hal aşkarlanıb və 30 nəfər məsuliyyətə cəlb edilib.

Yeni qanun layihəsi: balıqçılıq və akvakultura sahəsində tənzimləmələr

Kənd Təsərrüfatı Nazirliyi balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətini hüquqi və inzibati baxımdan sadələşdirmək, mövcud prosedurları təkmilləşdirmək məqsədilə “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlayıb. Bu tənzimləmələr sahibkarlar üçün şəffaf və səmərəli iş mühiti formalaşdırmaqla, istehsalın genişləndirilməsinə və dövlət dəstəyi alətlərindən daha effektiv istifadəyə imkan yaradacaq. Layihənin hazırlanması prosesində qabaqcıl xarici təcrübə, balıqçılığa ekosistem yanaşması və digər müasir beynəlxalq praktikalar araşdırılaraq milli qanunvericiliyə uyğunlaşdırılıb. Eyni zamanda, akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü təşkili üçün hazırlanmış müvafiq sənəd razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib. Bu çərçivədə təsərrüfatların yaradılmasının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir texnologiyaların tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər kimi müəyyən olunub.

Qlobal tərəfdaşlıq və yerli inkişaf

“Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsi 2025-ci il ərzində sahənin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə mühüm tədbirlərdə təmsil olunub. İl ərzində Bakıda FAO-nun dəstəyi ilə keçirilən CACFish-in 7-ci iclası, həmçinin Aşqabadda Xəzər dənizinin su bioresursları üzrə komissiyanın 9-cu iclası çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ekoloji risklər və 2026-cı il üçün balıqçılıq kvotaları müzakirə edilib. Eyni zamanda, FAO ilə birgə keçirilən təlim proqramında qurumun 15 əməkdaşının ixtisasartırması təmin olunub.

İstehsalın təşviqi və istehlakçı əlaqələrinin qurulması məqsədilə mərkəz Bakıdakı balıq yarmarkasında və Neftçalada keçirilən 9-cu Aqrar Biznes Festivalında tərəfdaş qismində iştirak edib. Həyata keçirilən bu fəaliyyətlər qurumun institusional mövqeyinin möhkəmləndirilməsinə və sektorun davamlı inkişafına yönəldilib. Bu istiqamətdə işlərin növbəti illərdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Faiq KƏRİMOĞLU