Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

2026.05.15 11:10 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər edib. Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev əvvəlcə İğdır valisi Mustafa Fırat Taşolar ilə görüş keçirib. Görüş zamanı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Daha sonra İğdır valisi Mustafa Fırat Taşolar, İğdır Ticarət və Sənaye Palatası sədri Kamil Arslan, İğdır Ticarət Birjası sədri Serhat Kumtepe, İğdır Universitetinin rektoru Ekrem Gürel və türk iş adamlarının iştirakı ilə “Azərbaycanın investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının investisiya və ixrac imkanları, həmçinin muxtar respublikaya tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri barədə çıxış ediblər. Çıxışlarda Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.

Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib. Eyni zamanda tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Qars şəhərində də bir sıra görüşlər keçirib. Qeyd edək ki, səfər proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Türkiyədə növbəti görüş və tədbirləri İstanbul və İzmir şəhərlərində davam etdiriləcək.