2026-cı ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 115.613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 faizi) ilkin, 94.029-u (81,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə, fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, cari ilin ilk dörd ayı ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.