Yeni vergi güzəşti tətbiq edilib

2019.01.08 13:43 (UTC+04:00)

Dəyişikliyə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Başqa sözlə desək, muzdlu işçi kimi əməkhaqqı alan həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları yanvarın 1-dən aldıqları əməkhaqqının 400 manatdək hissəsindən gəlir vergisi ödəməyəcəklər.
Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (yaxud ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə ("Gəlir vergisindən azadolmalar və güzəştlər") edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (yaxud ərləri) ilə yanaşı, onların övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb.

Beləliklə, həlak olmuş döyüşçülərin dövlət sektorunda çalışan və iş yerindən 1.000 manat əməkhaqqı alan övladının gəlir vergisi aşağıdakı şəkildə hesablanacaq: 1.000 manat – 200 manat (vergiyə cəlb olunmayan məbləğ) – 400 manat (gəlir vergisi üzrə güzəşt) x 14% = 56 manat.

Elxan SALAHOV